1 May


2018-04-30 20:09:23



Azərbaycan KP MİK-in Rəyasət heyətinin müraciəti!

K. Marks və F. Engelsi daim düşündürən məsələlərdən birincisi ondan ibarət idi ki, nə vaxt fəhlə sinfi özünü və digər zəhmətkeşləri kapitalist istismarından azad edib iqtisadi və siyasi azadlıq əldə edəcəklər. Bu taleyüklü məsələni öyrənən klassiklər çoxsaylı analizlər apararaq, azadlıq hərəkatının tarixini təhlil edərək belə qərara gəlmişlər ki, düşüncəli fəhlələr azadlıq uğrunda mübarizə apara bilərlər - “əgər onlar öz hərəkatlarının məqsədini başa düşüb, onu dəqiq anlasa onda məqsədə nail olarlar”. Fəhlə hərəkatının rəhbərləri , təşkilatçıları hərəkatın belə səviyyəyə qaldırmaq üçün illərlə əzab-əziyyət çəkmişlər ki, əsas düşmən – burjuaziya qarşı mübarizə aparıb ona qalib gəlsinlər. Bu mübarizədə fəhlə sinfinin sıralarında olan fəhlələr bilərəkdən, bəzən də bilmədən sinfi düşmənlərə köməklik etmişlər.

Belə mübarizədə fəhlə hərəkatı mətinləşirdi.  Bir mayın bayram edilməsi ənənələrdən biridir. 1 may 1886-cı ildə Çikaqo fəhlələrinin çoxgünlük ümumi tətilə başlamaqları çox şeyi dəyişdi. Onlar kapitalistlərdən 8 saatlıq iş günü tətbiq olunmasını tələb edirdilər. Böyük çətinliklə nail oldular.

Tarix təkrar olunur. “Çiçəklənən” kapitalizm insanın insan tərəfindən istismarını gücləndirir. Respublikanın milli burjuaziyası beynəlxaq burjuaziyanın dəstəyi və təkidi ilə 8 saatlıq iş gününü 12 saata çevirib.

“Kommunist Partiyasının Manifesti” bu gün hər bir kommunistin və partiyanın təəssübkeşlərinin stolüstü kitabı olmalıdır.

Böyük Oktyabr sosialist inqilabından sonra kəndli-fəhlə ittifaqı əhalinin digər təbəqələrinin iştirakı ilə hakimiyyəti ələ alıb marksist-leninçi partiyanın rəhbərliyi ilə 70 il yer üzünün 1/6 hissəsində böyük quruculuq işləri aparmışdır.

Ölkənin proletariatının hakimiyyəti qurulan kimi, sosialist cəmiyyətinin inkişafı sürətləndi, fabrik-zavodlar fəhlələrə, torpaqlar kəndlilərə verildi.

V. İ. Lenin yazırdı: “Biz fəxr edə bilərik ki, sosializm cəmiyyətinin quruculuq işləri bizə nəsib oldu...”

Azərbaycan Kommunist Partiyası öz sıralarının artırılması üçün respublikanın sağlam qüvvələrinə müraciət edir.

Tərəqqipərvər dünya ictimaiyyətinin tarixi bayramlarına 1993-cü ildən bu yana qadağa qoyanlar unutmasınlar ki, bu qadağalar onlara qarşı çevriləcəkdir.

Yaşasın dünya zəhmətkeşlərinin həmrəylik günü – 1may!

Sosializmin bayrağı – sülh bayrağıdır!

 

Müraciət AKP MİK-in Rəyasət heyətinin 28 aprel 2018-ci il tarixli yığıncağında qəbul olunub.

AKP MİK-in Rəyasət heyəti