22 sentyabr - IV plenum haqqında


28.09.2019



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin

məlumatı

 

2019-cu ilin sentyabr ayının 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi və AKP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının birləşmiş IV plenumu partiyanın mərkəzi qərargahında səhər saat 11:00-da işinə başlamışdır.

Plenumu partiya veteranı Mehdi Şəhriyarlı açmışdır.

Plenumda Azərbaycan SSR-nin himni səslənmiş, plenum iştirakçıları ayağa qalxaraq əzəmətli himni dinləmişlər.

Plenumun işini davam etdirən AKP Mİk sədri Hacı Hacıyev 2019-cu ilin sentyabr ayında anadan olmuş partiya üzvlərini - Tahir Məmmədovu, Yaqut Musayevanı, Yaşar Qafarovu, Eynulla Paşayevi, Telman Şamxarovu, Süleyman Süleymanovu plenum iştirakçıları adından təbrik etdi.

Həmçinin 2019-cu ilin sentyabr ayında mərhum AKP MİK sədri Ramiz Əhmədovun uzun sürən xəstəlikdən sonra vəfat etməsi və AKP MİK sədrinin müavini Fikrət Əzizovun avtomobil qəzasında faciəli həlak olması ilə əlaqədar anım tədbiri keçirilməsi barədə məlumat verilmişdir.

AKP Sabirabad rayon komitəsinin birinci katibi Ənvəl Aslanovun anadan olmasının 80 illiyi münasibətilə AKP MİK Rəyasət heyətinin qərarını plenum iştirakçılarının nəzərinə çatdırdı və yubilyara AKP MİK-in Rəyasət heyətinin "Fəxri Fərman"ını təqdim etdi.

Plenumun işini davam etdirən AKP MİK sədri Hacı Hacıyev gündəliyi, reqlamenti səsə qoymuş və  yekdilliklə qəbul olunmuşdur. Birləşmiş plenum qəbul olunan gündəliyin - Təşkilati məsələ, AKP-nin VII qurultayının qərarlarının yerinə yetirilməsində rayon, şəhər partiya təşkilatlarının Sovet ədəbiyyatının müasir dövrdə təbliğ olunmasında vəzifələri haqqında məruzə ilə AKP MİK sədrinin müavini Ə. Xəlilov çıxış etmiş, SSRİ-nin dahi rəhbəri İ. V. Stalinin anadan olmasının 140 illiyinə həsr olunan AKP MİK Rəyasət heyətinin "Tədbirlər planı"nın mövzularına aid çıxış, AKP MİK-in Maliyyə vəziyyətinə dair maliyyə məsələləri üzrə komissiyanın sədri V. Quliyevin hesabatını dinləmişdir.

Məruzə ətrafında Bəhram Mürşüdov (Qəbələ RT), Məzəddin Əyyubov (Nərimanov RT), Rüstəm Qüdrətov (İmişli RT), Eynulla Paşayev (Masallı RT), Yaşar Qafarov (Lənkəran RT), Vitaliy Vadulin (Səbail RT), Mehdi Şəhriyarlı (Sumqayıt ŞT) çıxış etmişlər.

Birləşmiş plenumda çıxış edənlər bildirmişlər ki, Kommunizm ideyalarını milyonlarla oxucuya aşılamaq, gəncləri cəmiyyətə sədaqət ruhunda tərbiyə etmək kimi şərəfli vəzifəni yalnız yüksək bədii əsərlər həyata keçirə bilər. Sovet dövlətinin partiyalı ədəbiyyatı bu nəcib işi şərəflə yerinə yetirmişdi.

Sinifli cəmiyyətdə sinif xaricində ədəbiyyat ola bilməz. Partiya isə sinfin qabaqcıl dəstəsidir. Sovet dövlətində sinfin mənafeyini müdafiə edən sənətkar (şair, yazıçı) onun qabaqcıl dəstəsindən ilham almış "Ana", "Sakit Don", "Oyanmış torpaq", "Polad necə bərkidi", "Gənc qvardiya", "1905-ci ildə", "Vaqif", "Şamo", "Bir gəncin manifesti", "Gələcək gün", "Səhər", "Leninqrad göylərində" və s.  gözəl sənət əsərlərini yaratmışlar.

Sovet ədəbiyyatının partiyalılığı - yazıçının sosialist ideologiyasına yiyələnməsi və proletariatın inqilabi mübarizəsinə öz bədii əsərlərilə ürəkdən səs verməsidir. Bu prinsipi müdafiə edən sənətkar sosializm ideyalarını fəal təbliğatçısı olmuş öz əsərlərində milyonlarla oxucuları düşündürmüş xalqın arzu-istəklərini tərənnüm etmişdir.

1917-ci ildən 1991-ci ilədək hakimiyyətdə olan Sovet İttifaqı Kommunist Partiyasının tələbi xalqın və həyatın tələbi idi. Xalqa xidməti, yazıçı bu tələbi yerinə yetirməyi özünün vətəndaşlıq borcu bilirdi. Məhz buna görə partiyalı ədəbiyyat Sovet xalqının gündən-günə artan mədəni tələblərinə uyğun olan yüksək keyfiyyətli sənət əsərləri yaratmışdır.

Sovet ədəbiyyatında tipiklik çox mühüm sənətkarlıq məsələsi olmuşdur. Realist ədəbiyyatın əsas şüarlarından biri tipik hadisələri, tipik şəraitdə təsviridir.

Yazıçıdan daha böyük sənətkarlıq bacarığı  yüz milyonlarla oxucunu maraqlandıra bilən sənət əsərləri yaratmağı tələb edən sosializm realizmi bədii cəhətdən parlaq tipik obrazlar yaratmağı sənətkarların qarşısında bir vəzifə kimi qoymuşdur. İnkişafa mane olan bütün mənfilikləri, keçmişin qalıqlarını cəsarətlə satira atəşinə tuta bilən sovet yazçılarının əsərlərində sosialist həyat tərzi təsvir olunmuşdur.

Marksizm-leninizm nəzəriyyəsi ilə həyatı öyrənmək məsələsini birləşdirən sovet yazıçıları partiyalılıq prinsipini daha asanlıqla yaradıcılıqlarına tətbiq edirdilər.

Birləşmiş plenum SSRİ-nin görkəmli rəhbəri İ. V. Stalinin anadan olmasının 140 illiyinə dair AKP MİK Rəyasət heyətinin "Tədbirlər planı"nın mövzularına uyğun AKP Sumqayıt şəhər təşkilatının birinci katibi , AKP MİK-in Elm və Mədəniyyət komissiyasının sədri Mehdi Şəhriyarlarının çıxışını dinləmiş və dinləmələrin davam etdirilməsini tövsiyyə etmişdir.

Birləşmiş plenuma 8 sentyabr 2019-cu ildə Rusiya Federasiyasında yerli dumalara və bələdiyyələrə seçkilərdə Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) müvəffəqiyyətinə aid ətraflı məlumat verilmişdir.

AKP MİK-in və AKP MNTK-nın birləşmiş IV plenumu gündəliyin məsələləri üzrə qərarlar qəbul etmişdir.

Birləşmiş plenum həmin gün saat 13:30-da öz işini başa vurmuşdur.

 

AKP MİK Rəyasət heyəti