30.12.2022
Böyük Oktyabr sosialist inqilabının qələbəsi sosializm ideallarının qələbəsi üçün yol açdı.
Bəşər cəmiyyəti daha çox inkişaf etdikcə, Böyük Oktyabrın ideyalarının, marksizm-leninizmin həyat verici təliminin onun taleyinə təsiri daha əzəmətlə açılırdı.
Dahi Leninin yaratdığı mərkəzi partiya aparatı ölkənin xalqlarının sosialist qardaşlığının yaradılması üçün apardığı işlər öz bəhrəsini verdiyini nəzərə alaraq 1922-ci ilin dekabr ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) – xalqların könüllü ittifaqı yaranmışdı.
30 dekabr 1922-ci il tarixdə, dünya ilk dəfə yeni bir sosialist dövlətinin – SSRİ-nin yaranmasının şahidi oldu. Həmin tarixdən bu dövlət vicdan və ədalətlə idarə olunaraq bütün hakimiyyətlərin ən ali nöqtəsində duran ilk dövlət olmuşdur. Bəşəriyyətin bütün tarixi boyu insanlar vicdan və ədalətin mövcud olduğu bir cəmiyyətin qurulması uğrunda mübarizələr aparmışlar. Lakin belə bir dövlətin yaranması 25 Oktyabr 1917-ci il tarixdə insanlara nəsib olmuşdur. Bu dövlətin yaranmasına qədər zəhmətkeş kütlələr azadlığın, bərabərliyin, birgə yaşayış qaydalarının nə kimi dəyərlərə layiq olduqlarını bilməmiş və görməmişdilər. Yalnız sovet xalqının apardıqlari mübarizələri və fədakar əməkləri nəticəsində sosialist ədalətin sovet dövləti timsalında reallaşması dünya tarixinin insanlıq baxımından inkişafina böyük təkan vermişdir.
Sovet dövləti cəmiyyətin əsasını təşkil edən iqtisadi münasibətlərin vicdan və ədalətli tənzimlənməsinə nail olmuş, maddi nemətləri cəmiyyətin üzüvləri arasında bərabər bölgüsünü təmin edərək,, hər kəsin əməyinə görə, hər kəsin tələbatına görə prinsipini həyatda reallaşdırmışdır. Sovet xalqı Kommunist Partiyasının rəhbərliyi ilə belə bir cəmiyyəti yaratmaqla yeni bir dünya tarixinə imza atmışdır.
Biz ki, bu gün varıq, o tarixi yaradanlara borcluyuq. Biz, bu borcu, yalnız, sovet sosializminin yenidən bərpası uğrunda aparılan mübarizənin önündə getməklə ödəyə bilərik. Bunun üçün isə yaşamaq və yaratmaq lazımdır. Məhz, kommunistlər bu mübarizənin önündə getməklə, partiya sıralarını kamil insanlarla genişləndirməlidirlər. O Partiyanın ki, həm keçmiş tariximizi nəzərə almaq qüdrəti olsun, həm də yeni dəyərlər uğrunda aparılan mübarizənin taktika və strategiyasını müəyyən edə bilsin.
İctimai varlıq olaraq insanın cəmiyyətdəki mövqeyi onun nə dərəcədə özünün maraqlarını ümumi maraqlara yönəltdiyi fəaliyyətlərində aşkarlanır. SSRİ, məhz belə əsaslarla çox millətli bir cəmiyyəti tərbiyyə və idarə etmişdir. Bu dövlətin vətəndaşları varlıqların ən alisi olan insan sivilizasiyasının mahiyyəti itməsin deyə, bu kimi amallar uğrunda mübarizə aparmışlar. Bu kimi amallar üzərində yaradılmış SSRİ-də vicdan və ədalət hökm sürdüyü üçün, bu dövlət mənəvi cəhətdən dəyərli, maddi cəhətdən isə bərəkətli olmuşdur. Buna görə də, kommunistlər özlərinin tarixi məqamlarına görə dünyanın siyasi arenasında daha çox əhəmiyyət kəsb edən gücə çevrilmişdir. Gecəni gündüzdən, gündüzü gecədən ayırmaq mümkün olmadığı kimi, kommunistləri də, sosializimdən ayırmaq mümkün deyil. Kommunistləri öz əqidəsindən döndərmək mümkün olmadığı üçün sosializmin qələbəsi və SSRİ kimi yeni bir insan birliyinin yaranması qarşısı alınmazdır. Yəhudilərin belə bir deyimi var: "Не тот велик кто ни когда не падал, a тот велик, кто падал и вставал". Mən inanıram ki, kommunistlər buna nail olacaqlar. Zaman gələcək ki, SSRİ- nin yenidən bərpası uğrunda mübarizə aparan Sovet vətəndaşları dövrün ən şərəfli və ləyaqətli insanları olacaqlar. 30 dekabr 2022-il tarixdə, bəşəriyyətin sülhsevər qüvvələri, SSRİ-nin 100 illik yubileyini qeyd edəcəkdir. Bununla əlaqədar olaraq, Azərbaycan Kommunist Partiyasının Lənkəran rayon təşkilatının kommunistləri adından bütün kommunistləri və sosialist düşüncəli insanları SSRİ-nin 100 illik yubileyi və qarşıdan gələn Yeni il – 2023 il münasibəti ilə təbrik edirəm. Sizlərə can sağlığı və mübarizlik əhval-ruhiyyəsi arzu edirəm.
AKP Lənkaran rayon təşkilatinin katibi
Y.Q.Qafarov (Sovet hüquqşünası)