9 MAY - Qələbə günü


2018-05-12 15:23:27



9 MAY-Qələbə gününün 73-cü ildönümü münasibəti ilə Azərbaycan Kommunist Partiyası Yasamal rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin əzəmətli heykəli yerləşən parkda tədbir keçirmişdir. Tədbirdə AKP Sumqayıt, Sabunçu, Xətai, Nərimanov, Qaradağ, Abşeron, Xəzər, Səbail, Binəqədi, Sabirabad rayon təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Sovet İttifaqının çoxmillətli qardaş xalqlarının və rəşadətli Qızıl Ordusunun alman faşizmi üzərində qələbəsi dünya xalqlarını faşizm taunundan xilas etmişdir.
Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə sanballı töhvələr verib.
1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yola salınıb.Onların 300 mindən çoxu döyüşlərdə həlak olub.Müharibədə göstərdikləri igidliyə görə 130 nəfərə yaxın Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,170 mindən çox əsgər və zabitlər müxtəlif orden və medallarla təltif olunmuşlar.Yüzlərlə azərbaycanlı partizan dəstələrində mübarizə aparmışlar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepol, Odessa, Polşa, Çexoslovakiya, Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak etmişlər.
Bakı neftinin həlledici rolu danılmaz faktdır. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanda istehsal olunub.
Tədbir iştirakçilarından Hacı Hacıyev, Məzəddin Əyyubov, Süleyman Süleymanov, Əmrulla Şirvanov, Ələsgər Xəlilov müharibənin bütün məşəqqətlərinə sinə gərən Sovet Ordusu əsgərlərinin şanlı qələbəsinə aid epizodlardan danışmışlar.
Tədbirdə Azərbaycan KP MİK sədri Hacı Hacıyev Bakı şəhərı Xəzər rayon təşkilatının üzvlərinə partiya biletlərini təqdim etmişdir.
AKP MİK Rəyasət heyətinin 5 may 2018-ci il tarixli qərarına uyğun olaraq partiya aktivinin bir qrupuna "Fəxri Fərman"lar təqdim olunmuşdur.
Qələbə bayramına həsr olunan tədbirlər Azərbaycan KP-nin İmişli, Masallı, Lənkəran rayon təşkilatlarında da keçirilmişdir.

AKP MİK Rəyasət heyəti.