AKP MİK Rəyasət heyətinin partiya üzvlərinə və təəssübkeşlərinə müraciəti!


2018-04-14 15:54:49



Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin partiya üzvlərinə və təəssübkeşlərinə müraciəti!

148 il əvvəl, 14 aprel 1870-ci ildə istedadlı yazıçı, publisist, kütlələrin mübariz təşkilatçısı və başçısı zəka və iradəsi ilə seçilən Nəriman Nərimanov anadan olmuşdur.

1977-ci ilin dekabr ayında V. İ. Leninin vətəni Ulyanovsk şəhərində N. Nərimanovun abidəsinin açılışına həsr olunmuş təntənəli mitinqdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi H. Ə. Əliyev inqilabi ədəbiyyatın və marksizm-leninizm ideyalarının tərcümə edilib yayılmasında Nəriman Nərimanovun inqilabi və təbliğatçılıq fəailiyyətini yüksək qiymətləndirib demişdir: “ Son nəfəsinədək Nəriman Nərimanovun bütün həyatı partiyaya, fəhlə sinfinin işinə həsr olunmuşdu. Hələ gənc ikən o, Bakı neft mədənlərində, Odessa tələbələri və limançıları, Volqaboyu fəhlələri arasında, çar zindanları və sürgünləri “inqilab universitetləri” keçmişdi. Nəriman Nərimanov istedadlı bir yazıçı və publisist kimi, öz kəskin qələmi ilə kütlələrin mübariz təşkilatçısı və başçısı kimi zəkası və iradəsi ilə inqilaba xidmət edirdi...

Nəriman Nərimanov öz yüksək vəzifəsini, öz həyatının məqsədini marksizm-leninizm ideyalarını yaymaqda, proletar inqilabının qələbəsi uğrunda fədakarcasına mübarizə aparmaqda görürdü”.

Nəriman Nərimanov şəxsiyyəti tarixi inkişafın məhsulu idi, cəmiyyət qarşısında nə qədər artıq məsulliyyət hiss edirdisə, onda vəzifə duyğusu da bir o qədər artıq inkişaf etmişdi.

F. Engels əxlaqın sinfi xarakteri haqqında demişdir “...Ən mütərəqqi əxlaq ən çox ümumbəşəri ünsürləri özündə toplayan əxlaqdır.”

Kommunist əxlaqı ən çox ümumbəşəri müsbət keyfiyyətləri özündə topladığı üçün əxlaqi tərəqqinin ən yüksək mərhələsi hesab edilməlidir.

Kapitalın hökmranlığı şəraitində daim ümumdövlət miqyasında yalanı və ikiüzlülüyü təbliğ edənlərə, mətbuat və söz azadlığını kağız üzərində iyrənc bir saxtakarlığa çevirənlərə, yalanı təbliğ edən güclü mənəvi nökərlər ordusuna adi azadlıq meyllərini amansızcasına və qəddarlıqla boğan çar üsul-idarəsinə mərdliklə mübarizə aparan Nəriman Nərimanov insanlıq borcunu ləyaqətlə yerinə yetirmişdir.

Azadlıq dünyada ən yüksək nemətdir.

Mühitə uyğunlaşmayan, yaşadığı mühiti yaxşılaşdırmaq üçün mübarizə aparan və buna nail olan bolşevik-kommunist Nəriman Nərimanov özünün “Nə etməliyik?” adlı məqaləsində Azərbaycan zəhmətkeşlərinə, o cümlədən yoxsul kəndlilərə müraciət edərək yazmışdır: “Bir ümid yeriniz varsa, o da təzə hökümətə (sovet hökumətinə) var qüvvənizlə kömək etməkdən ibarətdir. Sizin hər cəhətdən nicat yolunuz Lenin mərasnaməsidir. Bu məramnamə Qafqazda min mülkədar sərmayədarların zərərinə çalışırsa, milyonlarla müsəlman xəlqini zülmdən xilas edir.”

Dahi Nəriman Nərimanovun həyat yolu və fəaliyyəti Azərbaycan zəhmətkeşlərinə örnək yoludur.

 

Müraciət AKP MİK-in Rəyasət heyətinin 07 aprel 2018-ci il tarixli yığıncağında qəbul olunub.

Azərbaycan KP MİK-in Rəyasət heyəti