Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Etirazı!


18.04.2020



Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət Heyətinin
Etirazı!
İnsan həyatı, insan münasibətləri çox ciddi və mürəkkəb məsələdir.Həyatın sevincləri olduğu kimi gərgin fikir, iztirablar yaradan ziddiyətləri, çətinlikləri də olur. Artıq otuz ildən çoxdur respublikamızın ərazisində imperializm milli mənəvi sərvətlərimizi, ərazi bütövlüyümüzü pozmaqla cinayətlərini davam etdirir. Burjua nəzəriyyəçiləri, imperializm ideoloqları, ekstremist qüvvələr, tarixi saxtalaşdıranlar, iqtisadçı "nəzəriyyəçilər", onların Avropa və okeanın o tayındakı havadarları respublikamızın ərazisini qəsb edənlərin müdafiəsinə qalxıblar. Azğınlaşan erməni ekstremistləri, respublikamızın ərazisinin 20%-ni işğal edənlər, Dağlıq Qarabağda iki turda(30 mart,14 aprel 2020-ci il tarixlərdə) prezident seçkiləri keçirmişlər. AKP MİK-in Rəyasət heyəti bu mənfur seçkilərə etirazını bildirir.
Azərbaycan Kommunist Partiyası MİK-in Rəyasət heyəti bildirir ki, 1920-ci ilin avqust ayının 10-da V.İ.Leninin Petroqrad Sovetinə yazdığı məktubunda kartoqrafiya müəssisəsindən tələb edirdi ki, kitab şəklində xəritələr nəşr olunsun, hər xəritədə quberniyaların sərhədləri, bütün qəza şəhərləri, hər stansiya göstərilməklə, dəmir yolları, dövlət sərhədləri, keçmiş Rusiya imperiyasından ayrılmış vilayətlər və ərazilər ((ayrıca xəritədə) göstərilsin. ... köhnələrdən aşağıdakıların xəritələri verilməlidir: Qafqazın bütün yeni respublikalarının sərhədləri hökmən göstərilməklə atlas mükəmməl olmalıdır kimi mühüm prinsipal əhəmiyyətə malik olan göstərişlər vermişdir. V.İ.Leninin iş otağında Azərbaycanla, bilavasitə Dağlıq Qarabağla əlaqədar daha bir mötəbər və təkzibedilməz mənbə vardır. Bu da Böyük rəhbərin yazı mizinin üstündəki təqvimdən ibarətdir. Bu təqvimdə ayrı-ayrı respublikalara dair vərəqələrdə hər bir respublikaların əraziləri, yaşayış məntəqələri, əhalisinin sayı və s. haqqında məlumatlar verilmişdir. Qafqazda yaranmış vəziyyət Lenini çox narahat edirdi.Leninin xahişi ilə 1922-ci ilin sonunda kecirilən SSRİ Sovetlərinin Birinci qurultayı münasibəti ilə Qafqazın xüsusi xəritəsi hazırlanmışdır. Hamının aydın görüb başa düşməsi, öz səhvlərini anlaması, milli məsələlərin, xüsusilə, milli ərazi məsələlərin həllində obyektiv mövqe tutması üçün Lenin bu xəritələrin birini iş otağının girəcəyində, digərini kabinetində divarda asılmasını lazım bilmişdir. Xəritədə göstərilən milli ərazi sərhədləri bilavasitə Lenin iradəsi ilə müəyyənləşdirilmiş və təsdiq edilmişdir.
Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyəti qeyd edir ki, erməni ekstremistlərinin saxtakarlığı tezliklə ifşa olunaraq, onların respublikamızın ərazisi olan Dağlıq Qarabağdan biabırçılıqla qovulacaqlarına az vaxt qalıb. Respublikamızın ərazi bütövlüyünü, müstəqilliyini onun toxunulmazlığının qorunmasına Respublikanın siyasi rəhbərliyinin apardığı dərin və köklü islahatlar nəticəsində nail olunacaq. Bu siyasi mübarizədə Azərbaycan Kommunist Partiyasının üzvləri - kommunistlərin ön sıralarda olacaqlarına inanırıq.
 
Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət Heyəti