AKP MİK Rəyasət heyətinin MÜRACİƏTİ


2018-03-27 12:39:44



18 mart 2018-ci il tarixdə Rusiya Federasiyasında prezident seçkiləri başa çatdı.
Seçkilərdə ləyaqətlə təmsil olunan və mübarizə aparan Rusiya Federasiyası Kommunist Partiyası ikinci yeri tutaraq özünün əsl müxalifət partiyası olduğunu və marksizm-leninizm prinsiplərinə sadiq partiya kimi qaldığını növbəti dəfə dünya ictimaiyyətinə nümayiş etdirdi. Seçkidə Kommunist partiyasının üzvünün vəzifələri layiqincə yetirilmişdirsə, məğlub olmaqdan peşmançılıq çəkmək kommunistə yaraşmaz. İnsanlıq vəzifələrini- partiyanın proqramını yerinə yetirən Rusiya Federasiyası Kommunist Partiyasının üzvləri, partiyanın rəhbərləri ölkənin və dünya əhalisinin səfalətdən, insanın insan tərəfindən istismar olunmasından qurtarmaq naminə mübarizəyə qoşulmuşlar və vəzifələrini mərdliklə yerinə yetirirlər.
Bolşevik kommunistlər 1917-ci ildən bu yana ağır həyat yükünü çiyinlərində daşıyan, zəkalı, müdrik, intellektual qüvvə sahibi olan sadə insanların insani ömür sürmələrinin müdafiəçiləri olduqlarını dünya ictimaiyyətinə qurduqları sosialist dövlətinin timsalında əyani göstərmişlər.
Kommunist əxlaqı kommunisti insan kimi saxlayır və ona olan inamı qoruyur.
Dələduzların, fırıldaqçıların, şöhrətpərəstlərin müvəqqəti “xoşbəxtliyinə”, yüksək mövqe tutaraq var-dövlət toplamağına, beləliklə ömrü boyu təlaş keçirmək, ağlının gücünü yalnız fırıldağa, saxtakarlığa sərf edərək seçkilərdə qalib gəlmək heç də Qennadiy Züqanovun rəhbərlik etdiyi Rusiya Federasiyası Kommunist Partiyasının siyasi rəhbərliyinin acizliyi və bacarıqsızlığı deyil əksinə ixtiyar sahiblərini başa salmaq üçün növbəti siyasi gedişidir.
Prezident seçkilərində RFKP-nin nümayəndəsi Pavel Nikolayeviç Qrudinin layiqincə təmsil olunması, onun Rusiya Federasiyasını düçar olduğu iqtisadi və siyasi böhrandan çıxarılmasına dair 20 bənddən ibarət proqramı hazırki höküməti lərzəyə salmışdır. Bu qorxudan sarsılan hakimiyyət seçki qabağı açıq debatdan yayınmış, kommunistlərin namizədinin ünvanına yalan-böhtanlar yağdıraraq, onun rəhbərlik etdiyi sovxozun fəaliyyətində qüsurlar axtarılması üçün çoxsaylı yoxlamalar göndərilmişdir.
19 mart 2018-ci ildə seçkinin nəticələrini yekunlaşdıran və bu haqda jurnalistlərlə brifinq keçirən RFKP-nin lideri Qennadiy Züqanov bildirmişdir: “Biz paralel hesablama aparmışıq. Rəsmi şəkildə elan edirəm, Putin RF-nin bütün subyektlərində seçkilərdə qələbə qazanıb. Bu qələbə ona məntəqə, dairə seçki komissiyalarında təşkil olunan saxtakarlıqlar hesabına başa gəlib...”
Saxtakarlıqla aparılan seçkilərdə uduzmaq RFKP-nin kommunistləri üçün fəlakət deyil. Seçkiləri fırıldağa, saxtakarlığa sürüyən ölkə qurumlarının şərəfsiz, müdhiş əməlləri ictimaiyyətin sağlam qüvvələri kimi kommunistləri çox narahat edir. V. İ. Lenin dönə-dönə xəbərdarlıq etmişdir ki, keçmişin qalıqlarına qarşı mübarizə çətin vəzifədir, bu on illərlə gərgin mübarizə aparmağı tələb edir.
Seçkilərdə düşmən ideologiyasının təsiri böyük rol oynamış, kommunistlərə böhtan atmaq üçün bütün qüvvələri səfərbər edən kapitalistlər iftira yağdırmaqda davam etmişlər.
Marksizm-leninizm klassikləri burjua cəmiyyətinin yarandığı ilk vaxtlardan başlayaraq bu günə qədər tamahkarlıq, acgözlük, hərislik indiki cəmiyyətdə də həqiqətən ümumi bir fəlakətə çevirmiş və insanlıq növbəti iqtisadi böhranların dərinliyinə yuvarlanmaqda davam edir. Buna qarşı isə mübarizə aparan yeganə qüvvə kommunist partiyasıdır.
Rusiya Federasiyası Kommunist Partiyasının üzvləri partiyanın siyasi rəhbərliyinə və lideri Qennadiy Andreyeviç Züqanova inanır və birlikdə fədakar mübarizələrini davam etdirirlər.
Azərbaycan Kommunist Partiyasının üzvləri Rusiya Federasiyasında 18 mart 2018-ci ildə keçirilən prezident seçkilərində RFKP-nin namizədi Pavel Qrudinin ikinci yer tutması münasibəti ilə Qennadiy Züqanovun rəhbərlik etdiyi Kommunist Partiyasının rəhbərliyini və üzvlərini təbrik edir!
İnanırıq ki, haqq-ədalət uğrunda mübarizə aparan RFKP-nin fəaliyyəti nəticəsiz qalmayacaq.
Ölkənin hökümətinin formalaşdırılması RFKP-nin xalq namizəzdi Pavel Nikolayeviç Qrudininə tapşırılacaq.
Müraciət AKP MİK-in Rəyasət Heyətinin 24 mart 2018-ci il tarixli yığıncağında qəbul olunub.

AKP MİK-in Rəyasət heyəti