Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Müraciəti!


13.04.2020



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin

Müraciəti!

 

14 aprel 2020-ci il tarixdə, birinci rus inqilabına qədər (1905-ci il) böyük həyat yolu keçmiş, qızğın mübarizələrdən çıxmış, insanları ağır sınaqlarda görüb tanımış, həm doğma xalqının həm də başqa xalqların həyatının, məişətinin çətinliklərinə, ürək arzularına, əzab və məşəqqətlərinə bələd olan inqilabçı, yazıçı, marksizm-leninizm nəzəriyyəsini, həm də şərq xalqlarının tarixini, mədəniyyətini, həyatını, psixoloji aləmini yaxş bilən, bu nəzəriyyə ilə onları işıqlandıran Nəriman Nərimanovun anadan olmasının 150 ili tamam olur.

 

O, 1905-ci il inqilabını hazırlamış, gizli inqilabi dərnək və təşkilatlarda işləmişdi və bu inqilabın böyük tarixi əhəmiyyətini görürdü, Asiya qitəsinin zülm və cəhalət qaranlığı içində çırpınan xalqları üçün nümunə olacağına inanırdı. Nərimanovun inqilabi əqidələri, inqilabın qələbəsinə inamı sarsılmaz idi. İrtica tüğyan etdikcə, bütün qara qüvvələr bir cəbhəyə toplanıb xalq kütlələrini terror və təqiblərlə, zindanlarla, Sibir çöllərinə sürgünlə qorxutduqca mübarizə əzmi qızışırdı.

 

İnqilabi mübarizə illərində Nərimanov publisist yazılarında mübarizənin ümumi mənzərəsini aydın təsvir edir, dərin inamlı mübarizə hərarətini, etirazlarının gücünü əks edir, xalqla, mübarizəyə qoşulmuş kütlələrlə canlı əlaqəsini göstərmişdir. O 1906-cı ildə “Bu yaşayış yaşayış mı ?” məqaləsində ümumi inqilabi mübarizə ruhunu, inqilabın gələcəyinə inamını belə ifadə etmişdir: “Hamı bir adam kimi mübarizəyə hazırlaşır. Hamı bir nöqtəyə yeriş edir və hamı dərdinin əlacını hürriyyətdə görüb onun yolunda yenə də gözəl igid canlar fəda olunacaqdır... Fəqət bu qan axırıncı qan olub bununla hər növ zülm və istibdad yıxılıb ortadan rəf olub gedəcəkdir!”.

 

Nərimanovun ictimai-siyasi görüşləri və inqilabi fəaliyyəti ilə ədəbi-bədii yaradıcılığı üzv surətdə bir-birinə bağlı idi. İstər ayrı-ayrı dövrlərdə, istərsə bütövlükdə onun dediklərini və yazdıqlarını əməli fəaliyyəti ilə tutuşdurduqda xəyalımızda müstəsna dərəcədə bütöv bir şəxsiyyət canlanır. O qələmini də, əməli fəaliyyətini də marksizm-leninizm dünyagörüşü əsasında həyatı dəyişdirməyə həsr etmişdir. Sosializm ideologiyasını hərarətlə təbliğini, dərin nəzəri hazırlığını, qızğın inqilabi fəaliyyətlə birləşdirmişdi. Cəmiyyətin qüsurlarını, xüsusən mənəvi-əxlaqi pozğunluqlarını, pul üçün həyatını, ismətini, insanlıq ləyaqətini itirmiş, qapıdan qovulanda bacadan girən sırtıqları ədib tənqid atəşinə tuturdu. Nərimanov dövrünün adamlarında-vətəndaşlarında möhkəm əqidə, düzlük və təmizlik vətən yolunda, xalq işində sədaqət və fədakarlıq hissi tərbiyə edirdi.

 

Nərimanovun ictimai-siyasi mübarizəsində və görüşlərində xalqlar dostluğu, beynəlmiləlçilik ideyası böyük yer tuturdu.

 

İnsan uğrunda, insanın azadlığı, ləyaqəti, səadəti uğrunda fırtınalara, tufanlara sinə gərən Nərimanov gözləri qan-yaşlı, ürəkləri dağlı kasıb fəqirləri əllərindən bir şey gəlməyən müftəxorlardan xilas etmək həvəsi ilə yaşayıb mübarizə aparan Azərbaycan tarixində tamamilə yeni tipli bir insan, mütəfəkkir, inqilabçı, həkim, müəllim, görkəmli dövlət xadimi olmuşdur.

 

Bu gün biz Nəriman Nərimanovu düşünərkən onun qoyub getdiyi qiymətli bədii təfəkkür xəzinəsindən bəhrələnir, görkəmli dövlət xadimi olarkən böyüklüyü, əzəməti qarşısında səcdə edirik.

Marksist-Leninçi etikanın hər tərəfli inkişaf etmiş idealı sayılan Nəriman Nərimanov namuslu maarifçi, sədaqətli kommunist, böyük mütəfəkkir, partiya xadimi olaraq namuslu, doğruçul və halal əməklə yaşayan adamlara böyük müəllimi Leninin təlimini gələcək uğrunda mübarizədə kəsərli silah hesab edirdi və xalqına müraciət edərək deyirdi: “Sizin hər cəhətdən nicat yolunuz Lenin məramnaməsidir.”

 

Azərbaycan KP MİK Rəyasət Heyəti partiya üzvlərini və təəssübkeşlərini böyük mütəfəkkir, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə təbrik edir və sadə zəhmətkeşləri partiya sıralarına qoşulub partiya daxili təşkilatlanma prossesində iştiraka çağırır.

 

Müraciət AKP MİK Rəyasət Heyətinin üzvləri ilə telefon vasitəsilə müzakirə edilərək  10 aprel 2020-ci il tarixdə qəbul olunmuşdur.

 

Azərbaycan KP

MİK Rəyasət Heyəti