Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin müraciəti


2018-11-29 11:18:37



Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin müraciəti !

Respublikamızda fəaliyyəti qanunsuz olaraq 14 sentyabr 1991-ci ildə dayandırılan Azərbaycan Kommunist Partiyasının fəal marksist nəzəriyyəsi ilə yaxşı silahlanmış, ictimai inkişaf və sinfi mübarizə qanunlarını yaxşı bilən qabaqcıl bir dəstəsi partiyanın özəklərini, ərazi ilk partiya təşkilatlarını, partiya komitələrini yaratmış və 1993-cü ilin noyabr ayının 27-də bərpa-təsis qurultayını keçirərək partiyanın fəaliyyətinin bərpasına nail olmuşlar.

Hadisələrin gedişini qabaqcadan görən, son məqsədləri, mübarizə vəzifələrini və onların həll olunması yollarını elmi surətdə əsaslandırmağı bacaran kommunistlərin ikinci həyat verdikləri respublika Kommunist Partiyasının  27 noyabr 2018-ci ildə 25 illik yubileyinə hazırlaşan AKP MİK-in Rəyasət heyəti bu münasibətlə rayon, şəhər partiya təşkilatlarında yığıncaqların keçirilməsini qərara almış və yerinə yetirilməsində köməklik edir.

Bu gün Azərbaycan Kommunist Partiyası həqiqətən marksist-leninçi nəzəriyyə ilə silahlanmaqdan ötrü gərək ilk növbədə həmin nəzəriyyəni fasiləsiz olaraq öyrənsin və partiya içinə tətbiq etməyi bacarsın.

“ İnsan azad doğulmuşdur, lakin o, hər yerdə zindandadır. “ (J.J.Russo)

Xüsusi mülkiyyətin yaranması ilə insan azadlığına “ hər tərəfdən basqın edilmişdir.”

İnsan ağlı vasitəsi ilə özünü tərbiyə etmək imkanına malikdir.

Partiya fəhlə sinfinə burjuvaziya əleyhinə apardığı sinfi mübarizəyə başçılıq etmək üçün lazımdır.

 

V.İ.Lenin partiyanın təşkilatı əsasları ilə əlaqədar olan məsələlərə böyük əhəmiyyət verərək yazırdı ki, partiyanın bərpa edilməsi işi “... bütün partiya tərəfindən qəbul edilmədikcə və rəsmiyyətə salınıb möhkəmləndirilmədikcə qurtarmış hesab edilə bilməzdi “.

 

Bu prinsipləri bilən və başa düşən qabaqcıl partiya rəhbərlərindən Əhmədov Ramiz Haşim oğlu partiyanı sıx birləşdirmək üçün bacarıq və qabiliyyətini əsirgəməmişdir. 1993-cü ildən 2008-ci ilin sentyabr ayına kimi Rəhbərlik edən Ramiz Əhmədov partiyanın bütün təşkilatçılıq və ideya –tərbiyə işlərinə rəhbərlik etmişdir.

 

Yubiley günündə AKP MİK-in Rəyasət heyəti partiyanın fəaliyyətinin bərpasında xidmətləri olan bütün partiya üzvlərini hörmətlə yad edir. Sosialist şüurun kütlələrə aşılanması üçün apardıqları təbliğata görə onlara minnətdarlığını bildirir.

 

  Fəhlə sinifinin partiyası olan Azərbaycan Kommunist Partiyası proletariatın mövqeyində duran zəhmətkeşləri və istismar olunan respublika əhalisinin bütün təbəqələrini öz sıralarına səsləyir.

 

Bayramınız mübarək hörmətli partiya üzvləri və təəssübkeşləri !

Yaşasın Azərbaycan Kommunist Partiyası !

Müraciət AKP MİK-in Rəyasət heyətinin 24 noyabr 2018-ci il tarixli yığıncağında qəbul olunmuşdur.