Fair Şamilzadənin yubileyi


2018-03-24 19:02:24



Azərbaycan Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin üzvü Şamilzadə Fair Kamal oğlunun 25 mart 2018-ci il tarixdə 85 yaşı tamam olur. Fair Şamilzadə 1933-cü ilin mart ayında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 160 saylı orta məktəbdə almışdır. Təhsilini kənd təsərrüfatı texnikumunda davam etdirərək torpaqşünas ixtisasına yiyələnmiş sonra, Gəncə kənd təsərrüfatı institunun mexanika fakultəsinə daxil olaraq mexanik-mühəndis ixtisası almışdır.

“Kənd layihə” instutunda şöbə müdiri və s. vəzifələrdə işləmişdir. Bacarıqlı əməyi sosialist dövləti tərəfindən qiymətləndirilmiş və “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.

Əmək cəbhəsində öz ləyaqətini qorumağı bacarmış- həyatın həqiqətini düzgün anlamış, yaşamağın şirinliyini düzlükdə, halallıqda görmüş, əməlləri ilə bu nəcib insani keyfiyyətlərini sübut etmişdir. Marksist-leninçi etikanın mənlik duyğusunu özündə yaşadaraq həyatda namusa, şərəfə, ləyaqətə malik olmaq üçün öz üzərində çox işləmiş yaşayıb-yaratdığı sosializm cəmiyyətinə layiqli xidmət etmişdir.

Bu amala özünü sərf edən, qayğılarını özü həll edən,  məqsədinə çatmaq üçün hər əzab-əziyyətə dözən, keçdiyi həyat yolundan ibrət dərsi alan Fair müəllim kamilləşmiş və şəxsiyyət olmuşdur.

Lenin partiyasının kommunisti belə tərbiyə almış və şərəfli ahıl yaşına çatmışdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyəti Fair müəllimi anadan olmasının 85 illiyi münasibətilə səmimi təbrik edirik, sağlamlıq, ailə üzvləri ilə birlikdə uzun ömür arzulayırıq.

100  yaşayın Fair müəllim!

 

Azərbaycan KP MİK-in Rəyasət heyəti