Karl Marksın 200 illik yubileyi


2018-05-05 18:18:15



Azərbaycan KP MİK-in Rəyasət heyətinin müraciəti!

5 may 2018-ci ildə dahi Karl Marksın anadan olmasının 200 illiyini beynəlxalq ictimaiyyət qeyd edir.

Marksın fəlsəfəsi materializmi proletariata mənəvi köləlikdən çıxış yolunu göstərmiş, kommunist və fəhlə partiyalarının proqramının, strategiyasının, taktikasının, siyasətinin əməli fəaliyyətini dünyagörüşünün əsasını təşkil edir. Fəhlə sinfinin azadlıq hərəkatının elmi nəzəriyyəsinin yaradıcısı Karl Marks olmuşdur. O, göstərirdi ki, proletariat bütün zülm altında işləyənləri və istismar olunanları xilas etməyə qadirdir. İnsanın insan tərəfindən istismarının iqtisadi şəraitini ləvğ etmədən o, özünü azad edə bilməz. K. Marks və F. Engels kapitalist quruluşunu mütləq məhv olacağını elmi əsaslarla sübut etmişlər. Zəhmətkeşlərin istismar olunması dərəcəsi hal-hazırda fasiləsiz artır. İnhisarçılar əhalini istismar etməklə çox böyük var-dövlət əldə edirlər. Eyni zamanda müasir elmi-texniki inqilabın bəhrəsini də onlar görürlər. Onlar XX əsrin kəşfi olan atom enerjisi və raket texnikasından hər şeydən əvvəl istehsal qüvvələrinin – zəhmətkeş kütlələrin məhv edilməsinə (Əfqanısatanda, Yuqaslaviyada, İraqda, Liviyada, Misirdə, Suriyada, Yəməndə, Ukraynada və s.) yönələn silah istehsal edir və onu sadə zəhmət adamların qırılmasına yönəldirlər. Kapitalizmi ancaq burjuaziyaya qarşı dura bilən bir qüvvə – fəhlə sinfi devirə bilər.

“Kommunist Partiyasının Manifesti”ndə belə də yazılmışdır: “...burjuaziya nəinki özünü məhv edəcək bir silah hazırlamışdır, habelə bu silahı ona qarşı çevirə biləcək adamları da – müasir fəhlələri, proletarları yaratmışdır”.

Fəhlə sinfi öz rolunu ancaq o vaxt yerinə yetirə bilər ki, ona avanqard ­– qabaqcıl dəstə rəhbərlik etsin. Belə bir avanqard isə V. İ. Leninin rəhbərliyi ilə bolşeviklərin yaratdığı Kommunist Partiyası oldu.

Marks, Engels və Lenin kommunist hərəkatının yaranmasında və inkişafında çox böyük rol oynamışlar. Onlar fəhlə sinfi partiyasının yaradılmasını lazımlığını nəzəri cəhətdən əsaslandıraraq, eyni zamanda kommunist hərəkatının təşəbbüsçüləri və təşkilatçıları olmuşlar.

Azərbaycan Kommunist Partiyası K. Marks, F. Engels və V. İ. Lenin təlimini öyrənir və əməli işinə tətbiq etmə yollarını axtarır.

Azərbaycan Kommunist Partiyası inanır ki, kapital üzərində qələbə qazanmaq üçün proletariat geniş zəhmətkeş kütlələri, kəndliləri həmçinin zəhmətkeş ziyalıları, qulluqçuları öz tərəfinə çəkməyə çalışacaq və beləliklə tarixi vəzifəsini yerinə yetirəcək.

Azərbaycan Kommunist Partiyası beynəlxalq imperializmə, kapitalist dünyasına qarşı mübarizə aparmaq üçün dünyanın istismar olunan zəhmətkeşlərini birliyə çağırır.

Müraciət AKP MİK-in Rəyasət heyətinin 5 may 2018-ci il tarixli yığıncağında qəbul olunmuşdur.