26.05.2023
Azərbaycan Kommunist Partiyasının Baş Ofisində, 26.05.2023-cü il tarixində keçirilən iclasda "Karl Marksın həyatının universitetəqədərki dövrü" haqqında iclas iştirakçısı Cəmilov Teymur tərəfindən hazırlanmış kiçikçaplı mühazirə mətni.
"Karl Marksın həyatının universitetəqədərki dövrü"
Elmin köməyi ilə bizi maraqlandıran bütün sualları cavablandırmaq mümkün deyil. Çünki ictimai şüur, insanları əhatə edən iqtisadi münasibətlərin imkan verdiyi ölçüdə formalaşır. (İctimai şüur - insanları əhatə edən ətraf mühitlə həmin insanlar arasındakı münasibətlərin, bu insanların şüurundakı yansımasına deyilir. Məsələn elm, incəsənət, fəsəfə, din və s.). Deməli, yaşadığımız dövrün bizi maraqlandıran ictimai-siyasi hadisələrinin elmi təhlili də, ancaq hazırda hakim olan iqtisadi münasibətlərin imkan verdiyi ölçüdə məqbul ola bilər. Bu cəhətdən "Karl Marksı anlamaq" öncəliklə bizi əhatə edən iqtisadi nünasibətləri anlamaqdır. Sonrakı mərhələ Marksın bizə təqdim etdiyi iqtisadi əsaslara söykənən ictimai münasibətləri - yəni Marksın gələcəkdə hakim münasibətlər sayılacağını yəqin bildiyi iqtisadi münasibətlərə söykənən ictimai münasibətləri anlamaqdır.
Bu iki mərhələ hər bir Marksist gəncin fərdi (subyektiv) şəkildə dərk etməli olduğu həqiqətdir.
Ancaq bu həqiqətin dərkindən daha öncə, sıravi bir insan olan Karl Marksın, böyük tarixi şəxsiyyətlər sırasına daxil olmasına zəmin yaradan hadisələrin gedişini öyrənmək vacibdir. Bir sözlə sıravi bir insan olan Karl Marksı, bəşəriyyətin müəllimi Karl Marksa çevirən duyğuları, hiss və həyəcanları anlamaq xüsusilə vacibdir. Bu duyğuların, hiss və həyəcanların formalaşma dövrü - Karl Marksın uşaqlıq və gənclik dövrüdür.
Siz, dəyərli oxucuların Karl Marksı tamamilə anlaması üçün, bu oxuduğunuz misraların müəllifi təkidlə qeyd edir ki, öncəliklə düşüncələrinizi yaşadığınız dövr üçün hakim olan (şərtlənmiş, qəlibsəl) düşüncələrin məhdud çərçivəsindən kənara çıxarmalı, zehninizi şərtlənmiş düşüncələrdən arındırmalısınız. Daha sonra Marksın həyatına, Marksın tarixin nəhayətində (sonunda) hakim olacağını yəqin etdiyi münasibətlər çərçivəsindən baxmağa can atmalısınız - yəni Marksın həyatına, bir növ "Karl Marksın gözü ilə" baxmağa cəhd etməlisiniz. Üçüncü mərhələdə isə hər iki münasibətlər sistemini səciyyələndirən cəhətləri şərh etməyə imkan verən "Marksist yanaşma"nı ortaya çıxaran zəmini dəyərləndirməyi bacarmalısınız - yəni, bir növ "öz içinizdəki Marksı yenidən kəşf etməlisiniz..."
Oxuduğunuz bu misraların müəllifi də, yuxarəda təqdim olunan 'prizmadan' çıxış edərək, "Karl Marksı həyatının universitetəqədərki dövrü"nü şərh etməyə cəhd edir. Sözün qısası, gəlin, dahi Karl Marksın həyatının bir bölümünü birlikdə 'kəşf etməyə' cəhd edək...
[Təbii ki, biz Marksın həyatının aidiyyatı dövrə aid olan bütün bölümünü şərh edə bilmərik. Ancaq həmin dövrdə Marksı bir şəxsiyyət kimi formalaşdıran əsas hadisələrə toxunmaqla müəyyən qənaətə sahibi ola bilərik.]
Karl Henrix Marks - 5 may 1818-ci ildə Prussiya krallığının Trier qəsəbəsində anadan olub.
Marksın anadan olduğu dövr, Avropada elmin (intellektin) sürətli inkişafı ilə xarakterizə olunur. Xüsusən 1789-cu il burjua inqilabı (Fransa və Avropanın siyasi tarixində mütləq monarxiyadan demokratiyaya doğru keçid, "vətəndaşlıq və insan hüquq və azadlıqları" kimi mütərrəqqi prinsiplərə əsaslanan sosial-siyasi inqilab) və bundan sonra tədricən bütün Avropada yayğınlaşan maarifçilik hərəkatı həmin dövr üçün xarakterikdir.
Marksın anadan olduğu Trier - o zamankı Almaniya və Fransa sərhəddində yerləşən, 12 min nəfərədək nüfuzu olan bir qəsəbədir. Ətrafında qayalı dağlar olan bu qəsəbə, xüsusən üzüm bağları ilə məşhur idi. Bu qəsəbənin Fransa ilə həmsərhəd olması və az əvvəl Fransa tərəfindən işğal edilməsi, qəsəbə sakinlərini (eləcə də Marksın ailəsini) Fransada baş verən hüquqi dəyişimlərə pərəstişkarlıqla baxmağa vadar edirdi. Marksın atası Henrix Marks, Kant və Volterin konsepsiyaları ilə maraqlanırdı. Klassik liberal kimi, o dövrdə mütləq monarxiya olan Prussiyada konstitusiya və islahatlarla bağlı təşviqatda iştirak etmişdi. Belə ki, Marksın 15 yaşı olarkən atası, içki məclislərindən birində - öz həmkarları ilə birlikdə Fransada baş verən hüquqi-demokratik irəliləyişləri övmüşdü və bu hərəkəti Prusiyalı bir zabit tərəfindən hökumət qurumlarına xəbər verilmişdi. Marksın atası ictimai qınaq və təqiblərdən qurtulmaq üçün birçox yəhudilər kimi xristianlığı qəbul etmişdi.
Marksın atası Henrix vəkil olduqdan sonra ailənin rifahı daha da yaxşılaşdı və yuxarı orta təbəqə kimi gəlir əldə etməyə başladılar. Ailənin Mozeldə bir neçə üzüm bağı da vardı. Yəqin ki, bu üzüm bağları atası kimi Marksı da müəyyən dərəcədə şəraba aludə və həvəsli qılırdı.
Marksın zahiri görünüşü çöl bədəvisini andırırdı - iri cüssəli və uzun saçlı idi. Ətrafındakılardan fərqli zahiri görünüşə malik olması, güman ki, ona müəyyən dərəcədə zehni fərqlilik də aşılayırdı. Kəskin zəkası buna ən göz dəlildir.
Marks gənc ikən, fərdi şəkildə Trier trafındakı qayalıqlara tərəf gedər, orada şairanə zümümələr edərdi. Gənc Marksda güclü şairlik istedadı vardı. Xüsusən Şekspiri, Gete və s.-ləri ilə, hələ gənc ikən tanış olmuşdu.
Marks 1830-cu ildə Trir Gimnaziyasına daxil olana qədər atası özü ona fərdi təhsil vermişdi.
Fəlsəfə və ədəbiyyat üzrə təhsil almaq istəyən 17 yaşlı Marks 1835-ci ilin oktyabrında Bonn Universitetinə üz tutsa da, atası təkidlə oğlunun daha praktik sahə olan hüquq oxumağını arzu edirdi. "Ağciyər zəifliyi" adlandırılan vəziyyətə görə Marks 18 yaşına çatanda hərbi xidmətdən azad edildi. Bonn Universitetində oxumaq üçün Mozel çayında qısamüddətli yolçuluq edən Marks yaxtada prusiyalı aristokrat qrup üzvləri ilə münaqişəyə girir. Belə ki, bir qrup Prusiyalı zadəgan gəncin öz aristoktar kimliklərini Marksgilin liberal qrupuna diktə etdirmək cəhdi baş tutmur, Marks həda gözündən yüngülvari yaralanır da. Güman ki, bu hadisə, Marksın gələcək həyatını bütünüylə xarakterizə edirdi - sonralar da Marks burjual-aristokrat çevrələr ilə münaqişələr yaşadı və həmişə zəif (əzilən) təbəqəni müdafiə etdi. Bu münaqişə nəticəsində Marks bir günlük həbs (kars) cəzası ilə cəzalandırıldı. Bundan sonra Marksın universitet illəri başlayır.