Lenin - 150


01.05.2020



Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin məlumatı
22 aprel 2020-ci il tarixdə dünya proletariatının rəhbəri Vladimir İliç Leninin anadan olmasının 150 ili tamam olur.
Xalqların, bütün dünya zəhmətkeş insanlarının ən şirin arzularının, ən yüksək ideallarının real bir istəyə çevrilməsi, bəşər tarixində ilkin olaraq həyata keçirilməyə başlaması dünyanın ən böyük kommunisti olan Mayakovski demişkən “bütün dirilərdən diri olan” Leninin adı ilə bağlıdır.
Qədim dövrlərdən başlayaraq əsrlər uzunu milyon-milyon insanların arasıkəsilməz ağır əməyi, faciələrlə dolu mübarizəsi, kədərli və sevincli həyat təcrübəsi xilaskar axtarışında olmuşdur.
Zülm, əsarət və soyğunçu müharibələrdən cana gəlmiş insanlar azadlıq haqqında, müharibə və vaxtsız ölümlər bilməyən dünya haqqında şirin arzular bəsləyirdi. Özünün əfsanəvi, xəyali qəhrəmanlarını yaradır, zalımlara qarşı qiyam edir, silah qaldırırdı. Lakin şirin arzularına çata bilmirdi. Məzlumların, əzilənlərin, zəiflərin, əlinin ağır əməyi ilə güzəran keçirənlərin çəkdiyi zülmün, fəlakət və təzyiqlərin, ah-naləsinin hüdudu yox idi. İran-Tacik şairi Rudəki doqquzuncu əsrdə demişdir : hərgah qəmin od kimi tüstüsü olsaydı, göy üzünü qara pərdə örtərdi.
İctimai bərabərsizlik, zülm və istismar üstündə qurulmuş kapitalizm cəmiyyətini dağıtmaq, yenidən azad vətəndaşların yaradıcı əməyinə, bərabər insani hüquqlarına və vəzifəsinə əsaslana Sosializm cəmiyyəti qurmaq çətin məsələdir. Marksizm klassikləri dönə-dönə qeyd etmişlər ki, burjua üsul idarəsini dağıtmaq, hakimiyyəti milli kapitalistlərin əlindən almaqla, sosialist inqilabının qələbəsi təmin olunur.
Sosializm ictimai münasibətləri yaratmaq daha böyük əmək, səy və bacarıq tələb edir. Bunun üçün insan şüuru, insan tərbiyəsi ən vacib məsələ kimi qabağa çıxır. Dünyada ilk Sosialist dövlətinin yaradıcısı böyük Lenin Sosialist inqilabının birinci ilində - 1918-ci ildə “Sovet dövlətinin növbəti vəzifələri” adlı məşhur əsərində yazırdı : Sosialist inqilabının qələbəsi ancaq o zaman təmin oluna bilər ki, proletariat və yoxsul kəndlilər özlərində kifayət qədər şüurluluq, ideyalılıq, fədakarlıq, dönməzlik tapa bilərlər. O, burjua cəmiyyətində “mütləq azadlıq”, tənqid azadlığı, “yaradıcılıq azadlığı” kimi gözəl sözləri riyakarlıq, boş yalan olduğunu yazırdı : ... Pul hakimiyyətinə əsaslana bir cəmiyyətdə zəhmətkeş kütlələrin yoxsulluq içərisində yaşadığı, bir ovuc varlının isə tufeyli həyat sürdüyü bir cəmiyyətdə real və gerçək “azadlıq” ola bilməz...
Leninin yüz iki il əvvəl söylədiyi bu sözlər indi də kürədən çıxarılmış köz kimi qığılcım verir. “Şəxsiyyət azadlığı” barədə hay-küy qaldıran dünya imperializminin yalan və böhtanlarını yandırıb külə döndərir.
XX əsrin əvvəllərində Rusiyada başda Lenin partiyası olmaqla fəhlə sinfi tarixi mübarizələrin ön cərgəsinə çıxmış, onun çarizmə, burjua-mülkədar ağalığına qarşı, sinfi istismar əleyhinə, azadlıq və sosializm uğrunda mübarizəsi dünyəvi əhəmiyyət kəsb etmişdi.
V.İ.Lenin azadlıq tarixinin yeni səhifəsini yazırdı. O, Rusiyanın bütün zəhmətkeş kütlələrini, əzilən xalqlarını öz arxasınca aparırdı. 1917-ci ilin noyabr ayının 7-də onun qəhrəman mübarizəsi Böyük Oktyabr Sosialist İnqilabı ilə, proletariat diktaturasını yaratmaqla nəticələndi. Lenin bəşər tarixində yeni qəhrəman oldu.
İnqilab və Sosializm uğrunda mübarizə milyonlarla insanı bir gün əvvəlki, ölgün, ətalətli, hüquqsuz həyat şəraitindən qopararaq canlı yaradıcı fəaliyyətə qoşmuşdu. Dünən heç bir nəyi olmayanlar bugün böyük bir ölkənin sahibi olmuşdu. Öz taleyini əlinə almışdı, inqilabi ruhla yeni həyat qurmağa başlamışdı.
Kommunist Partiyası, Sovet dövləti nə edirdisə, insan naminə edirdi.
İnqilab insanlara, xalqlara həqiqi azadlıq verdi, fasiləsiz iqtisadi və mədəni inkişaf üçün müstəsna şərait yaratdı.
İndi beynəlxalq kommunist hərəkatı bəşər tarixini yenidən irəli aparır, ona hərəkət verən böyük qüvvəyə çevrilməkdədir. Gələcək Sosializmindir!
Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti partiya üzvlərini və təəssübkeşlərini dahi, böyük mütəfəkkir, ictimai-siyasi xadim, proletariatın rəhbəri Vladimir İliç Leninin anadan olmasının 150 illiyi münasibəti ilə təbrik edir və respublikanın sağlam qüvvələrini partiya sıralarına dəvət edir!
Müraciət AKP MİK Rəyasət Heyətinin üzvlərinin 20 aprel 2020-ci ildə video konfrans iclasında müzakirə edilərək qəbul olunmuşdur.
 
Azərbaycan KP MİK Rəyasət Heyəti