17.03.2023
19 mart Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun anım günüdür.
N. Nərimanov həyatdan vaxtsız getdi, enerjisinin bitib-tükənmədiyi, istər bir yazıçı-publisist, istərsə də ictimai- siyasətçi kimi dünyada tanındığı və məşhurlaşdığı bir vaxtda dünyadan köçdü. Qəlbində öz xalqı, öz Vətəni ilə əlaqədar böyük planlarını və arzularını apardı...
Çarizmin Azərbaycan dilində mətbuat orqanı yaratmağa bütün varlığı ilə müqavimət göstərdiyi bir şəraitdə Nəriman Nərimanovun milli qiraətxana təşkil etməsi, bu yolda heç olmasa ziyalıların, xüsusilə gənc ziyalıların siyasi mədəniyyətini, dünyagörüşünü genişləndirməyə calışması N. Nərimanovun öz sözləri ilə desək "cəmiyyəti oxumağa hazırlamağa" başlaması sözün həqiqi mənasında bir kəşf idi, yeganə mümkün yol və vasitə idi.
1890 -ci illərin əvvəllərində Bakıya gələn N. Nərimanov pedaqoji fəaliyyətlə yanaşı, mütərəqqi ziyalılarla əlbir mədəni-maarif və ictimai -siyasi fəaliyyətlə də fəal məşğul olur 1894-cü ildə o, çox böyük çətinliklərə sinə gərərək Bakıda milli qiraətxana açır. Bu, Rusiyada müsəlmanlar üçün təşkil edilmiş ilk belə mədəniyyət ocağı idi.
Mətbuata həvəs oyatmaq qəzet, jurnal və kitab oxumaq vərdişi təlqin etmək baxımından, bu təşəbbüsün qiyməti əvəzsizdir. Qiraətxana Rusiya və xaricdən təkcə 27 adda qəzet alırdı. Onun müxtəlif millətlərdən olan oxucularının sayı gündən-günə, ildən -ilə artırdı. Məsələn, qiraətxananın fəaliyyətə başladığı gündən keçən bir aya yaxın müddətdə qeydə alınmış 710 oxucudan 292-si azərbaycanlı idi. 1897-ci ildə bu rəqəm artıq 8619 olmuşdu.
N. Nərimanovun təşkil və rəhbərlik etdiyi milli qiraətxananın səsi-sorağı Rusiyadan, bir sıra Yaxın və Orta Şərq ölkələrinə gedib çıxmışdı.
Bağçasarayda nəşr olunan "Tərcüman" qəzeti 1895-ci il 19 fevral tarixli nömrəsində "Bakı qiraətxanası" sərlövhəli xəbərdə yazırdı:
"Müsəlmanların Bakıda açdıqları 40 qəzeti olan bir qiraətxana tam diqqətəlayiqdir: nəinki qədim Buxara, hətta gözəl Tehran, Avropa Stambulu və mütəfəkkir Qahirə qiraətxanaları bu qədər zəngin qəzetə malik deyildir. Bakılılara, xüsusən təşəbbüskar cənab Nəriman bəyə ehtiram və eşq olsun!"
Xalqımız dahi Nəriman Nərimanovu daim hörmətlə yad edəcəkdir.
Azərbaycan KP MİK Rəyasət heyəti