Ramiz Əhmədov - 80 yaş


06.03.2019



Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyətinin məlumatı

1993-cü ildə siyasi fəaliyyəti bərpa olunmasında yaxından iştirak etmiş və  Azərbaycan Kommunist Partiyası MİK-in sədri seçilmiş mərhum Ramiz Əhmədovun 6 mart 2019-cu ildə 80 yaşı tamam olur. Ramiz müəllim həqiqi həyat yolu keçmiş , əsən küləklər onu istədiyi səmtə doğru qova bilməmişdir. Onun ömrünün öz səmti, öz istiqaməti olmuşdur. O, hamının göz yumduğu, az əhəmiyyət verdiyi məsələlərə həssas idi. Özünə rəva görmədiyini başqalarına rəva görməzdi.

Ağıl, bilik, təcrübə sahibi kimi partiya üzvlərinə məsləhətləri ilə yaxından köməklik edirdi. Onun şəxsi mənafeyi ilə partiya təşkilatının mənafeyi ahəngdarlıq təşkil edirdi. Optimist olaraq həyata, yaşamağa böyük məna və qiymət verir, gələcəyə böyük ümidlə baxmağı, tərəqqi və inkişafa inanmağı, gələcəyə nikbin münasibət bəsləməyi hər bir partiya üzvünə tövsiyyə edirdi.

Xalq işi uğrunda mübarizə aparanları, insanların iztirablarını aradan qaldırmaq üçün çalışanları, öz canlarını xalq səadəti uğrunda qurban verənləri insanlar heç vaxt unutmur. Marksist-Leninci etika həyata optimist baxışı mühüm əxlaqi keyfiyyət hesab edir. Kommunist Ramiz Əhmədov həyatda eyni zamanda çirkinlikləri görməyi, bunlara qarşı inamla mübarizə aparmağı bacarırdı. Nikbin əhvali-ruhiyyəsi bu mübarizədə ona yeni bir qüvvə verirdi, onu səfərbərliyə alırdı, onu əzmkar edirdi. Xaricdən və daxildən aldığı sayısız-hesabsız qıcıq doğuran məlumatlar onun gündəlik aktiv fəaliyyətinə mənfi təsirini göstərirdi, lakin Ramiz müəllimin yaşı, həyat tərzi, dünya görüşü və həyati təcrübəsi mənfi məlumatların təsirini qismən azalda bilirdi. Cəmiyyətin zəhmətkeş insanlarını bir-birindən ayıran və bir-birinə qarşı qoyan quruluş-kapitalizmin çiçəkləndirdiyi xüsusi mülkiyyət, fəhlə, kəndli və ziyalıların işsizliyi, kəndlilərin var-yoxdan çıxıb müfsisləşməsi təhlükəsi, daim müharibə qorxusu, yaşamaq uğrunda arasıkəsilməz, yorucu mübarizə, satqınlıq, yaltaqlıq, riyakarlıq əhalini əldən saldığına dözə bilməyən bu hallara qarşı aktiv mübarizə aparan Ramiz Əhmədovun yazdığı, çap etdirdiyi elmi əsərlərində etiraz səsini qaldırmışdır.

Mübarizə yoluna möhkəm iradə yüksək şüur vasitəsi ilə, həyatı sevmək ona son dərəcə nikbin münasibət bəsləmək yolu ilə nail olurdu hörmətli Ramiz müəllim.

Ramiz Əhmədovun amalı marksist-leninci partiyanın üzvlərini partiya sıralarında birləşdirmək və birlikdə çirkinliklərə qarşı inamla mübarizə aparmağa səfərbər etməyə yönəlmişdi. Lakin Ramiz müəllimin uzun sürən xəstəliyi çox sayılı niyyətlərinin həyata keçməsinə mane oldu. Onun kitabları- “İkinci həyat", “ Fikirlər düyünündə", “M.C. Bağırov” və “ M.C.Bağırov xatirələrdə” partiya kitabxanasının fonduna daxil olmuş, ölkəmizin gənclərinin gələcək tərbiyəsində müstəsna rol oynayacağı danılmazdır. Ramiz Əhmədov da olan xeyirxahlıq, insanpərvərlik məğlub edilməz idi. Onun təbiətə məhəbbət hissi, istəyi təbiətin rəngarəng gözəlliklərinə, günəşin batması və çıxması mənzərəsinə, dənizin təlatümünə, meşələrin ecazkar həyatına, quşların oxumasına, yarpaqların xışıltısına, dağların və zirvələrin əzəmətinə həssas əxlaqlı bir xoşbəxt idi. Bir sözlə təbiət gözəllikləri ona böyük ilham və onun qəlbinə qanad verirdi. Ölkəmizin təbiəti, Ramiz müəllimin məişətinə daxil olmuşdu və onun həyatını daha xoş, daha mənalı və daha məzmunlu etmişdi.

Marksist-leninci Azərbaycan Kommunist Partiyasının üzvləri estetik zövqə malik, əxlaqlı, partiya rəhbəri olmuş Ramiz Əhmədovun əziz xatirəsi uzun müddət kommunistlərin yaddaşında yaşayacağına və hörmətlə yad olunacağına əmindirlər. Hörmətli Ramiz müəllimin 80 illik yubileyini qeyd etmək üçün Azərbaycan Kommunist Partiyasının bir qrup nümayəndəsi mart ayının 3-də onun Quba şəhərinin şəhər qəbristanlığında yerləşən məzarını ziyarət etmiş və onun uyuduğu məzarın ətrafına ailə üzvləri, dostları və yaxınları ilə birlikdə əklillər və gül-çiçəklər dəstəsi düzmüşlər. 6 mart 2019-cu il tarixdə AKP-nin mərkəzi qərərgahında Ramiz Əhmədovun xatirə gecəsi keçiriləcək.

 

AKP MİK Rəyasət heyəti