Xətai rayonu təşkilatının ümumi yığıncağı haqqında


07.09.2017



Son zamanlar Xətai rayon kommunistlərinin təşəbbüsü ilə Azərbaycan kommunist hərəkatındakı bəzi qaranlıq məqamlara aydınlıq gətirilmişdir. T.Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaması faktı tam təsdiq ediləndən sonra Xətai rayon partiya təşkilatı qeydiyyatdan keçməmiş partiyanın tərkibində qalıb qanunsuz fəaliyyət göstərmək istəmədiyi üçün 16 iyul 2017-ci il tarixli ümumi yığıncaqda həmin partiyanın tərkibindən çıxması və qeydiyyatdan keçən kommunist partiyası müəyyən edilib onun tərkibinə daxil olanadək rayon kommunistlərin birləşdiyi müstəqil təşkilat kimi fəaliyyət göstərməsi barədə qərar qəbul etmişdir. Bu qərara müvafiq olaraq, 1993-cü ildə fəaliyyəti bərpa edilmiş Azərbaycan Kommunist Partiyasının hazırda mövcud olan 4 kommunist partiyasından hansı partiya olmasının müəyyən edilməsi ilə bağlı Xətai rayon partiya təşkilatının sentyabrın 4-də keçirilən növbəti yığıncağında ətraflı müzakirə aparılmışdır.
Xətai rayon partiya təşkilatının katibi Ə.Şirvanov 16 iyul 2017-ci il tarixli yığıncaqdan sonra verdiyi sorğularla bağlı Ədliyyə Nazirliyindən aldığı məktubların məzmunları ilə yığıncaq iştirakçılarını tanış etmişdir. Naziliyin 25 iyul tarixli məktubunda göstərilir ki, 21.05.2017-ci ildə keçirilmiş qurultayda T.Nurullayevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi seçilməsi və partiyanın Nizamnaməsinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün T.Nurullayev tərəfindən 10.07.2017-ci ildə nazirliyə təqdim edilmiş sənədlər qanunvericiliyə zidd olduğu üçün 17.07.2017-ci ildə geri qaytarılmışdır. Nazirliyin 11.08.2017-ci il tarixli məktubunda isə qeyd olunur ki, 14.01.2001-ci ildə marksizm-leninizm platformasında Azərbaycan Kommunist Partiyasının təsis edilməsi və Telman Nurullayevin partiyanın birinci katibi seşilməsi faktları dövlət qeydiyyatına alınmamışdışdır.
Ədliyyə Nazirliyinin T.Nurullayevin sorğularına verdiyi 27 mart, 25 may, 03 dekabr 2012-ci il tarixli cavab məktublarından aydın olur ki, 14.01.2001-ci ildə I qurultayda marksizm-lenininzm platformasında təsis edilmiş və T.Nurullayevin MK-nın birinci katibi olduğu Azərbaycan Kommunist Partiyası qeydiyyata alınmadığı üçün hüquqi şəxs hesab olunmadığına görə qeydiyyata alınmış Ə.Xəlilovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası ilə vahid bir siyasi partiyada 30.10.2011-ci ildə birləşməsi faktı da dövlət qeydiyyatına alınmamışdır.
Yığıncaqda daha sonra qeyd edilmişdir ki, Azərbaycan Kommunist Partiyası (m-l p) 29.09.2013-cü ildə həmin partiyadan ayrılandan sonra indiyə kimi «Siyası partiyalar haqqında» Qanununun 7-ci maddəsininin 1-ci hissəsinin «siyasi partiyanın adı, adının qısaldılmış forması və rəmzləri Azərbacan Respublikasında dövlət qeydiyyatına alınmış digər partiyaların adından və rəmzlərindən fərqlənməli» olması və 14.2-ci maddəsinin «Dövlət qeydiyyatına alınmayan siyasi partiyanın qeydiyyata alınmış siyasi partiyanın adından çıxış edə və ya fəaliyyət göstərə bilməz» müddəalarına zidd olaraq qeydiyyata alınmış Azərbaycan Kommunist Partiyasınin adından çıxış və fəaliyyət göstərmişdir. Həm də Xətai rayon təşkilatının 04.02.1995-ci ildə R.Əhmədovun Mərkəzi İcraiyyə Komitəsinin  sədri olduğu Azərbaycan Kommunist Partiyasının Bakı şəhəri Xətai rayon təşkilatı kimi yarandığını, lakin T.Nurullayevin bu təşkilatı qeydiyyatdan keçməmiş partiyanın təşkilatı kimi özünə tabe etdiyini və bu vəziyyətin bu ilə kimi davam etdiyi qeyd olunmuşdur.

Ə.Şirvanov daha sonra Ədliyyə Naziliyində tanış olduğu kommunist partiyaların , eləcə də H.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının sənədləri ilə tanış olduqdan sonra 1993-cü ildə fəaliyyəti bərpa etmiş 2 mart 1994-cü ildə 20 saylı Şəhadətnamənin verildiyi, 17.08.2000-ci ildə həmin tarixli və 20 saylı Şəhadətnamənin yenidən R. Əhmədovun ev ünvanına qeydə alındığı partiyanın hazırda H.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası olmasının müəyyən edildiyini bildirmişdir.
Bu faktı həmin yığıncağa dəvət edilmiş Azərbaycan Kommunist Partiyası  Mərkəzi İcraiyyə Komitəsinin sədri Hacı Hacıyev və onun müavini Ələsgər  Xəlilov da təsdiq etmiş, onlar yığıncaqda çıxış edərək partiyanın fəaliyyəti barədə məlumat vermiş, həm də partiyanın Nizamnamə və Şəhadətnaməsinin əsilləri tanış olmaq üçün yığıncaq iştitakçılarına təqdim edilmişdir.
Kommunistlərdən M.Əyyubov, A.Məmmədov, N.Məmmədov, F.Çərkəzov, N.Rəhimov və başqaları çıxış edərək, qeydiyyata alınmamış partiyanın tərkibində qalıb fəaliyyət göstərilməsinin  qanunun  tələblərinə zidd olduğu üçün həmin partiyanın tərkibində qalmağın qanunsuz olduğunu, buna görə də həmin partiyanın tərkibindən çıxıb qeydiyyata alınmış Azərbaycan Kommunist Partiyasınin tərkibinə daxil olmasının son dərəcə zəruri olduğunu bildirb bu barədə qərar qəbul edilməsini təklif etmişlər.

Qeydiyyatdan keçən partiyanın hazırda Hacı Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası olması faktı tam təsdiq olunduğuna görə Xətai rayon partiya təşkilatının həmin partiyanın tərkibinə keçməsi barədə yığıncaqda yekdilliklə qərar qəbul edilmişdir.
Gündəlikdə duran digər məsələlər müzakirə edilib müvafiq qərarlar qəbul ediləndən sonra təşkilatı məsələlərə baxılmış, iki nəfər Nizamnamənin 5-ci maddəsinin tələblərini pozduğuna görə partiyadan xaric edilmişdir.
Yığıncağın sonunda 1971-ci ildən kommunist partiyasının üzvü olan N.M. Məmmədov partiya təşkilatının işində fəal iştirak etdiyinə və anadan olmasının 70 illiyi münasibəti ilə Xətai rayon partiya təşkilatının Fəxri fərmanı ilə təltif edilmişdir.