Yeni il təbriki


2017-12-27 15:27:14



Azərbaycan Kommunist Partiyası Mərkəzi
İcraiyyə Komitəsi Rəyasət heyətinin müraciəti – Yeni il təbriki!

Hörmətli kommunistlər və partiyanın təəssübkeşləri!

Azərbaycan KP MİK-in Rəyasət heyəti sizi yeni təqvim ili – 2018-ci il münasibətilə təbrik edir, işlərinizdə uğurlar və özünüzə sağlamlıq arzulayır!
“Bacar, yaşa” zəmanəsində sosializm mülahizələri ilə yaşamaq olmur. Həyatda tələsib hər şeyə nail olmaq lazımdır. Xeyirxahlıq, xeyir – bunlar indi köhnəlmiş anlayışlardır. İndi bunlar sadəlövhlük, gerilik əlaməti sayılır və qiymətdən düşmüşdür. İndi praktiklik dövrüdür. Xəyanət, satqınlıq, dönüklük, etibarsızlıq kimi mənfi qəbahətlər süni olaraq cəmiyyətə təlqin olunur.
Marksist-leninçi partiya passivliyə və laqeydliyə dözmür. Kommunist çətinliklərdən qorxub geriyə çəkilən yox, partiyanın şüurlu və fəal döyüşçüsü olmaqdır. Kommunist həmişə və hər yerdə – ictimai həyatda, məişətdə, təhsildə, əməkdə kommunist olaraq qalmalı və Lenin partiyasının üzvü kimi yüksək adı ləyaqətlə daşımalıdır. Xalqımıza məxsus ən gözəl, ən ülvi əxlaqi sifətlər, keyfiyyətlər əsrlər boyu qorunub və bu gün də qorunub saxlanmaqdadır. Baxmayaraq ki, daxili və xarici qüvvələr iyirmi yeddi ildən çox vaxt ərzində qarma-qarışıqlıq yaradırlar ki, xalqa məxsus olan yüksək keyfiyyətlər aradan götürülsün.
Pul insanların psixologiyasını pozur, qeyrətini əlindən alır. İnsanların səmimiyyəti pula qurban verilir. Böyük əksəriyyət mehriban olmaq haqqında düşünmür. Amerika Birləşmiş Ştatları və digər imperialist ölkələrin siyasi rəhbərliyi dünyanı qan içində çalxalayır, hər yerdə qarşıdurma yaradır. Bunun üçün gen-bol valyuta və silah paylayırlar. Sadəlövhlər elə bilirlər ki, Amerika əmin-amanlıq yaradır, sülh siyasəti aparır. İşğal olunmuş Azərbaycan torpaqlarını – Qarabağın azad olunmamasından ötrü işğalçının yanında dayanır və onun mənafeyini məharətlə müdafiə edir.
Beynəlxalq imperializmin yaratdığı böhrandan çıxış yolu yenilənmiş sosializm uğrundan mübarizədir! AKP MİK-in rəyasət heyəti sosialist yönümlü vətəndaşları partiya sıralarına dəvət edir.
31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə həmvətənləri təbrik edirik!
Yeni iliniz mübarək olsun hörmətli partiya üzvləri və partiyanın təəssübkeşləri!
Müraciət 27 dekabr 2017-ci il tarixli AKP MİK-in Rəyasət heyətinin yığıncağında qəbul olunmuşdur.

Azərbaycan KP MİK-in Rəyasət heyəti